Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
FED.az xəbər verir ki, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib.
Dövlət başçısının bu gün imzaladığı növbəti sərəncam da təqaüdlərin artırılması ilə bağlıdır.
Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.
Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.