Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.
FED.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Karvansaray konseptində tikiləcək yeni otel və mərkəz Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində 2,8 hektar ərazidə yerləşəcək.
«Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri olub və Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayıb. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib»-deyə təməlqoyma ilə bağlı rəsmi məlumatda bildirilir.
Mərkəzin xarici görünüşündə milli memarlıq elementləri tətbiq ediləcək, ən maraqlısı odur ki, binanın fasadının üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq.
Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.