İki gündən sonra, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edən namizədlər arasında xalqımıhzın ən qeyrətli, qəhrəman oğulları da var.
Bunlardan biri Şuşa fatehi, Qarabağ döyüşlərində Şuşanı azad edən xüsusi təynatlıların komandiri və Şuşaya Azərbaycan bayrağını sancan Rəşad Aslanovdur.
Rəşad Aslanov 61 Saylı Qusar seçki dairəsində deputatlığa bitərəf namizəd kimi qeydə alınıb. Seçki bülletenlərində Rəşad Aslanovun adının qarşısında sadəcə «PENSİYAÇI» sözü yazılıb. Amma Azərbaycan xalqı üçün Rəşad Aslanov Vətən müharibəsi qəhrəmanı, sağlamlığını torpaqların azad olunması uğrunda itirmiş igid vətən oğludur.
Rəşad Aslanov vətənə xidmətdə, 2-ci Qarabağ Müharibəsində torpaqlarımızın azadlığı uğrunda mübarizədə göstərdiyi şücaəti və fədakarlıqla ad qazanıb və müharibənin ən parlaq simalarından biridir. Gəlin xalqımızın bu qəhrəman oğlunu daha yaxından tanıyaq:
Qarabağ müharibəsinin qəhrəmanı Rəşad Əmirbəy oğlu Aslanov, 1979-cu il mayın 2-də Qusar şəhərində ziyalı ailəsində dünyaya gəlib. Erkən yaşlarından adı və soyadı onun gələcək taleyini əks etdirirmiş kimi, Rəşad təhsilə böyük həvəs göstərib və erkən yaşlarından öz istedadı ilə fərqlənib. İlk təhsilini Qusar şəhərində alaraq, sonra Bakı Türk Liseyinə daxil olub. Hələ orta məktəb illərindən cüdo ilə fəal şəkildə məşğul olaraq idman ustası dərəcəsi əldə edib və bir çox respublika və beynəlxalq yarışlarda qalib gəlib.
1997-ci ildə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsil aldığı müddətdə yüksək göstəricilərinə görə Prezident təqaüdünə layiq görülüb, ali təhsilini Qırmızı diplomla başa vurub. Həmin diplomu ona şəxsən Ümummilli Lider Heydər Əliyev təqdim edib.
"Bu, mənim həyatımda ən unudulmaz hadisədir. Məhz Heydər Əliyevin əlindən aldığım o diplom bir məşəl kimi bütün həyatımı işıqlandırdı. Mən xoşbəxtəm ki, o dahi insanı şəxsən görmüşəm. Bu, mənə böyük şərəfdir".
Hərbi təhsilini davam etdirən Rəşad Aslanov, motoatıcı ixtisası üzrə mütəxəssis, müasir ordunun tələblərinə cavab verən zabit kimi formalaşmışdır. Xidməti karyerası boyu Rəşad Aslanov bir çox yüksək vəzifələrdə çalışıb. Onun xüsusi təyinatlı bölmələrə rəhbərliyi döyüş qabiliyyətini, taktiki biliyini və əsgərlərinə olan məsuliyyətini sübut edib. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsili alan Rəşad Aslanov ölkə daxilində və xaricdə keçirilən hərbi kurs və təlimlərdə uğurla iştirak edib.
2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqların azad edilməsinə başlayanda Rəşad Aslanov müharibə qəhrəmanına çevrildi.
Vətən Müharibəsi başlayanda Naxçıvanda Əlahiddə -Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı hərbi hissəsində komandir olan Rəşad Aslanov bir neçə gün sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Naxçıvan Xüsusi Təyinatlıları ilə birlikdə Vətən müharibəsinə qoşulub.
“Gedəcəyimiz günü səbrsizliklə gözləyirdik. Nəhayət, oktyabrın 10-da biz Xüsusi təyinatlılara da döyüş əmri verildi və müharibə bölgəsinə gəldik, döyüşlərə başladıq. Bizim bir amalımız vardı, yalnız irəli və "Dəmir yumruq" altında Şuşanı xilas etmək!”
Xüsusi təyinatlı dəstəsinin komandiri olaraq, Şuşa şəhərinin işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib və Azərbaycan bayrağını Şuşa girişinə sancıb. Bu tarixi an yalnız Rəşad Aslanov üçün deyil, bütün xalq üçün qürur mənbəyi idi.
«Şuşanı alanda Naxçıvandan özümlə gətirdiyim Azərbaycan bayrağı üstümdə idi. Bütün yaxınlarıma, dostlara və ailəmə demişdim, ki, Şuşanı alacağıq və 3 rəngli bayrağımızı Şuşaya mən sancacağam. Arzuma çatdım. Şuşanın girişinə o bayrağı sancanda özümü çox şanslı və xoşbəxt biri sandım. Qüdrətli, qalib ölkənin Qalib Ali Baş Komandanının rəhbərliyi altında gözəl Şuşamızı bayraq müjdəsi ilə salam verməkdən qürurlu nə ola bilərdi ki?».
Rəşad Aslanov Vətən müharibəsinin qəhrəmanlarından biri oldu. Böyük igidlik, peşəkarlıq və vətənpərvərlik nümayiş etdirən qəhrəman zabitimiz "Qarabağ" ordeni, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", ""İgidliyə görə" və digər medallarla təltif edilib. O, həmçinin, "Qüsursuz xidmətə görə" birinci, ikinci və üçüncü dərəcəli medallara da layiq görülüb.
2023-cü ildə polkovnik rütbəsinə yüksələn Rəşad Aslanov, döyüşlərdə aldığı ağır zədələr nəticəsində ehtiyata buraxılıb. Buna baxmayaraq, onun Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmamalıdır, Rəşad Aslanovun igidlik, vətənpərvərlik və sonsuz sevgi ilə dolu həyatı gənc nəsillər üçün ilham mənbəyidir. O, hər bir vətənpərvər Azərbaycan vətəndaşının qəhrəmanlıq simvoludur.
Rəşad Aslanov 61 Saylı Qusar seçki dairəsində deputatlığa bitərəf namizəd kimi qeydə alınıb. Seçki bülletenlərində Rəşad Aslanovun adının qarşısında sadəcə «PENSİYAÇI» sözü yazılıb. Amma Azərbaycan xalqı üçün Rəşad Aslanov Vətən müharibəsi qəhrəmanı, sağlamlığını torpaqların azad olunması uğrunda itirmiş igid vətən oğludur.