Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm kompleksinin təməli qoyulub.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev yeni kompleks haqqında məlumat verərək bildirib ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.
Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək.
Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı olub. Toplantı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil edilib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlət başçısına bildirib ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Vaxtilə Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşüb, amma 2010-cu ildə ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.
Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.
Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başlayıb.
İlham Əliyev Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına xatirə hədiyyəsi təqdim edib.