Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində aparılmış auditin nəticələrinə dair məlumat açıqlanıb.
Palatadan FED.az-a verilən məlumata görə, Audit nəticələri 01.01.2017-01.07.2018-ci ili əhatə edib və ümumi məbləğ 2318844,68 manat təşkil edib. Zaqatala rayonu üzrə isə VEMTAS vasitəsilə təyinat aparılmış 508 ailəyə ÜSY ödənilir.
VEMTAS-la ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilmiş monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara rast gəlinmişdir.
Məcburi dövlət sosial sığorta haqları hesabına gəlirlərin proqnozlaşdırılması və icrası vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, 2017-ci ildə Fond tərəfindən 4389300,0 manat həcmində təsdiq edilmiş proqnoz 89,5% icra edilərək 3926925,19 manat vəsait yığılmışdır. Həmin vəsaitin 2384463,12 manatı və ya 60,7%-i büdcə, 1542462,07 manatı və ya 39,3%-i qeyri-büdcə sektorundan daxil olmuş, həmin sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 82,4% və 103,1% təşkil etmişdir.
2018-ci ilin 6 ayı üzrə 2081800,0 manat məbləğində proqnoza qarşı 2033982,87 manat vəsait yığılmış, təsdiq olunmuş proqnoz 97,7% icra edilmişdir. Həmin vəsaitin 1242603,96 manatını və ya 61,1%-ini büdcə sektorundan, 791378,91 manatını və ya 38,9%-ini isə qeyri-büdcə sektorundan daxilolmalar təşkil etmiş, büdcə sektoru üzrə 1226900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 101,3%, qeyri-büdcə sektoru üzrə 854900,0 manat məbləğində təsdiq edilmiş proqnoz 92,6% icra edilmişdir.
Audit nəticəsində hüquqi şəxslər və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının az hesablanması, bir sıra hallarda fiziki şəxslərlə hesablaşmaların onların fəaliyyət növü və yerinə uyğun aparılmaması və ya ümumiyyətlə aparılmaması kimi nöqsanlara rast gəlinmiş, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən tam istifadə edilməmiş, qaldırılmış iddia məbləğinin təmin olunmasından sonra da vəsaitlərin tam ödənilməsi təmin edilməmiş, ödənilmiş vəsaitlərin vətəndaşların fərdi hesablarına işlənilməsində nöqsanlar olmuş, sanatoriya-kurort yollayışlarının satılması (verilməsi) fəaliyyəti üzərində qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirləri həyata keçirilməmişdir.
Audit olunan dövrdə yeni pensiya təyinatlarının 263 ədədi (29,2%-i) üzrə sığorta stajına dair hüquqi fakt Zaqatala rayon məhkəməsi tərəfindən müəyyən olunmuş, 23 pensiya işi üzrə (2,6%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunmuşdur.
Audit nəticəsində pensiya təyinatı və ödənişi sahəsində vətəndaşların sosial sığorta stajlarının düzgün nəzərə alınmaması, pensiyanın sığorta hissəsinin düzgün hesablanmaması, pensiyanın onu almaq hüququ olan ailə üzvlərinə düşən hissəsinin və pensiyaya əlavələrin düzgün hesablanmaması, işləyən əlil pensiyaçılara pensiyanın tam məbləğdə ödənilməsi kimi nöqsanlara yol verildiyi aşkar olunmuşdur.
Təqdim edilmiş sənədlərə əsasən Şöbədə keçirilmiş satınalma prosedurları zamanı bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə əməl edilməmiş, satınalma üzrə müvafiq mətbuat orqanlarında elan və məlumat yerləşdirilməsi işi zəruri qaydada aparılmamış, işlərin sənədləşdirilmiş icra göstəriciləri ilə faktiki icra göstəriciləri arasında fərqlər olmuşdur.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirliyə və Şöbəyə Kollegiya Qərarının surəti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Republikasının Baş Prokurorluğuna müvafiq satınalma prosedurları üzrə auditin nəticələrinə dair aktdan çıxarış və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilmişdir.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.
Sosila Müdafiə Fondunda pozuntular- RƏQƏMLƏR
14:20
6 Okt 2018