Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir.
FED.az xəbər verir ki, Baş nazir Robert Fiko artıq Bakıya yola düşüb.
Bildirilib ki, Baş nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə etmək üçün mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
“Görüşdə Azərbaycan qazının Slovakiyaya ixracı variantları da müzakirə olunacaq.
Slovakiya Baş naziri və Azərbaycan Prezidenti Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaqlar”, - Slovakiyanın hökumət kabinetinin mətbuat departamentindən bildirilib.
Həmçinin Slovakiya və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.
Səfər zamanı Baş nazir Robert Fikonu bir qrup sahibkar da müşayiət edir. Onlar Slovakiya ilə Azərbaycan biznes dairələri arasında əməkdaşlığa dair danışıqlar aparacaqlar.
Qeyd olunub ki, bu, Fikonun Avropa İttifaqından kənara ilk xarici səfəridir və məqsəd Slovakiya iqtisadiyyatını dəstəkləmək və yüksək iqtisadi potensiala malik ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməkdir.
Slovakiya nümayəndə heyətinə həmçinin iqtisadiyyat naziri Denisa Sakova, xarici işlər naziri Juraj Blanar və müdafiə naziri Robert Kalinak daxildir. (Apa)