Oktyabrın 9-da prezident İlham Əliyev «Sky News» televiziya kanalında müsahibə verib.
FED.az xəbər verir ki, müsahibə zamanı dövlət başçısı telekanal nümayəndəsinin birbaşa və açıq suallarına cavab verib.
«25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?» sualına cavab olaraq prezident «Xeyr. Heç vaxt» cavabını verib.
Dövlət başçısı bildirib ki, bu məsələ heç vaxt danışıqlar masasında olmayıb: «Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur.
İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik?
Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır.
Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir».