Dünya şöhrətli risk analitiki Nassim Nikolas Taleb, Səudiyyə Ərəbistanının iflas edəcəyini iddia edib.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının büdcə rəqəmlərinin açıqlanmasının ardından "Twitter"də bir post paylaşan Nikolas Taleb, "Səudiyyə Ərəbistanı iflas edəcək" deyib.
Nikolas Taleb, 2007-ci ildə yazdığı "Qara Qu" adlı kitabı ilə tanınır. "Qara Qu", bazarların heç gözləmədiyi mənfi hadisəyə deyilir. "The Sunday Times" qəzeti "Qara Qu"nu İkinci Dünya Müharibəsindən bu yana yazılmış ən təsirli 12 kitab arasında göstərmişdi.
Səudiyyə Ərəbistanı açıqlamasında, 2019-cu ildə vətəndaşlarına verdiyi iqtisadi yardımlarına davam edəcəyini və dövlət xərclərini 7%-dən çox artıracağını bildirib.
Səudiyyə Ərəbistanının 2019-cu il büdcəsində 35 milyard dollar kəsir nəzərdə tutulur. Ancaq eyni büdcə neft qiymətlərini orta hesabla 80 dollar olaraq təxmin edir.
Halbuki, son dövrdə neft qiymətləri 60 dollar ətrafındadır. Neft qiymətlərinin daha da zəifləməsi halında, Səudiyyə Ərəbistanı beynəlxalq bazarlardan çox borc almaq məcburiyyətində qala bilər. Analitiklərə görə, Qaşıqçı qalmaqalı kimi hadisələr səbəbi ilə Səudiyyə Ərəbistanının beynəlxalq bazarlardan istədiyi məbləğdə borclanması çətin ola bilər.