Şəmkirdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar dəyirmi masa keçirilib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək bildirib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyuldu.
S.Zeynallı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır: “Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır. Çünki ən ali məqsədinə, ən uca amalına, ən böyük arzusuna çatıb. Müstəqil və suveren dövlətə sahibdir”.
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin sınaqlardan keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyə yenidən gəlməsi ilə ölkənin möhkəmləndiyini və böyük inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.Həmçinin Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyanın ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna baza yaratdığını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, "Konstitusiya və Suverenlik İli" ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu bir dövrə təsadüf edir. 2025-ci ildə həm Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsində əldə etdiyimiz qələbənin 5-ci ildönümü qeyd olunacaq.