“Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb”.
FED.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev deyib.
Prezident Adminstrasiyasının rəhbəri bildirib ki, Şuşa şəhərinə göndərilən böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olub və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb: "İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilib və topoqrafiya işləri davam etdirilib. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir.
Möhtərəm cənab Prezident, həyata keçirilən işlərin davam etdirilməsi üçün artıq bütün planlar hazırdır və yaxın günlərdə Sizə təqdim olunacaq”