“Siz qeyd etdiyiniz kimi, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb və Sizin Sərəncamınızla dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb”.
FED.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb:
“Sizin Sərəncamınızla yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub, onun da məbləği 2000 manat olaraq müəyyən edilib. Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. Burada müxtəlif kiçik məbləğli müavinətlər və pensiya əlavələri vahid təqaüd məbləğində birləşdirilib və məbləğlər artırılmaqla bu rəqəmlər təsdiqlənib".
Nazir deyib ki, bundan əlavə, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib: "2300 şəxsə sosial ödənişlər təyin olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunmuş, onlara sosial-psixoloji reabilitasiya xidmətləri təqdim edilib. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İşçi qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş iş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır”.
"Qeyd etdiyiniz kimi, 1500 şəhid ailəsinə, müharibə əlilinə mənzillərin və evlərin verilməsinə dair cari il üçün planımız var idi" deyən S. Babayev qeyd edib ki, 1450 mənzil və fərdi ev artıq bu şəxslərə təqdim edilib və növbəti 10-15 gün ərzində - 15 yanvaradək 1500 evin hamısı təqdim olunacaq: "Avtomobillərin verilməsi proqramı da davam etdirilmiş və il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub”.