Nazirlər Kabinetinin son qərarı ilə yalnız “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti adlı qurum Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti isə Dövlət Turizm Agentliyinin tabeliyində qalır.
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə Trend-in sorğusuna cavab olaraq bildirib.
O bildirib ki, "Şahdağ Turizm Mərkəzi” QSC qış mövsümündə kanat yollarının və xizək yamaclarının, yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellerin idarə edilməsi fəaliyyəti ilə məşğuldur. QSC turizm xidməti göstərdiyindən agentliyin tabeliyində saxlanılıb.
K.Quluzadə qeyd edib ki, kompleksin tikintisinə nəzarəti həyata keçirən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti adlı qurum isə turizm xidməti həyata keçirmir. İdarəetmənin sistemliliyinin təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunma, əsas fəaliyyətdən olan gəlirlərin artırılması və xərclərin azaldılması istiqamətində işlərin görülməsi zərurəti ilə əlaqədar Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu il iyunun 7-də verdiyi qərarla “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti və “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilmişdi.