“İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınması üçün qapatdı. Buna görə biz bir daha İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, bizdə olan məlumata görə, bu gün Gürcüstan ərazisindən mülki və eyni zamanda karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir:
“Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb. Bizdə olan məlumatlara görə, bu təyyarəni 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu bəyan edilir. Onların bəyanatlarında isə bu mülki karqo kimi göstərilir. Amma bunun içində “Kornet” tank əleyhinə silahlar, “Konkurs” tank əleyhinə silahlar, “İqla” hava hücumuna qarşı silahlar var. Eyni zamanda bizdə olan məlumata görə, Rusiyadan qaçaq yolla alınmış raketlər göndərilir. Ona görə biz İCAO-ya rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın və durdursun. Bu, beynəlxalq cinayət sayılır və bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir. Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə də bizim fikrimizcə, bu silahlar Rusiyada yaşayan zəngin erməni iş adamları tərəfindən qaçaq yollarla bəzi hərbi fabriklərdən alınaraq Ermənistana göndərilir və bu istiqamətdə araşdırmalar davam etdirilir”.