Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib.Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütamadi olaraq işlər aparılır.
Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur.
Nazirlər Kabinetinin hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.