Xəbər verildiyi kimi, bu gün erməni vandalları Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər.
FED.az xəbər verir kİ, bununla bağlı sosial şəbəkələrpdə yayılan görüntülərdən məlum olur ki, erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb.
Qeyd edək ki, son günlər müxtəlif ölkələrdə yaşayan ermənilərin Azərbaycanın bu ölkədəki səfirliklərinə hücumları artıb, belə hallar Livanda da qeydə alınıb.
Amma diqqəti çəkən məsələ, sonuncu – Fransadakı hücum zamanı Fransa polisinin buna laqeyd yanaşması, hücumun qarşısını almamasıdır.
Məhz polisin hərəkətsizliyini görən etirazçılar cazasızlıqdan arxayın olaraq səfirliyə hücum ediblər.
İş o yerə çatıb ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz Tvitter səhifəsində səfirliyin binasına basqınla yanaşı fransız polisinin laqeydliyinə etiraz edib: “Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də etiraz açıqlaması verərək, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumların narahatlıq doğurduğunu bəyan edib.
FED.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında rəsmi Bakının polisin laqeydliyindən hiddətləndiyi görünür. Nazirlik radikal ermənilərin cinayətkar hərəkətlərini qətiyyətlə pisləməklə yanaşı, xüsusi olaraq qeyd edib ki, Azərbaycan tərəfi müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyir.
«Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir».
Nazirlik xatırladıb ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.