Azərbaycanda yerli idarəetmə qurumlarında islahatlar başlayıb və tezliklə bu bütün ölkəni əhatə edəcək.
Bütün ölkə üzrə Prezidentin xüsusi nümayəndələri təyin ediləcək - VİDEO
FED.az xəbər verir ki, yeni idarəetmə sistemi işğaldan azad edilmiş ərazilərdə və bir qədər əvvəldən Naxçıvan Muxtar Respublikasında tətbiq edilməyə başlayıb.
Hələlik hökumət detallarını açıqlamasa da, müşahidə edilir ki, yeni sistemdə əsas rol prezidentin xüsusi nümayəndəsi və bələdiyyələrə məxsus olacaq.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da bildirib ki, hökumət bu sahədə islahatlara başlayıb: «İşğaldan azad olunan ərazilərdə artıq bununla addımlar atılıb, həm Qarabağ, həm də Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin Xüsusi nümayəndələri fəaliyyət göstərir».
Yeni sistem əsas iki baxımdan faydalı olmalıdır. Bunlardan biri bürokratiyanın azalması, digər yenilik qənaətdir: «Bu strukturların formalaşması ilə dövlət büdcəsinə kifayət qədər qənaət olunacaq, vətəndaşlar üçün yaradılan bürokratik əngəllər aradan qaldırılacaq. Eyni zamanda, insanların get-gələ salınmamasında, problemlərin qısa zamanda həllində, əlçatanlığın təmin olunmasında bu islahatların mühüm rolu olacaq. Məsələn, Gəncədə iki rayon icra hakimiyyəti ləğv olundu, artıq kifayət qədər sadələşmiş mexanizmlə böyük şəhər idarə olunur».
Komitə sədri bildirib ki, bu dəyişikliklərlə paralel olaraq bələdiyyələrin də sayı azalacaq, əvəzində onlar böyüyəcək. Qeyd edək ki, hazırda Azərbaycanda 1 606 bələdiyyə, 15 minə qədər bələdiyyə üzvü var: «Bu qədər bələdiyyəyə ehtiyac yoxdur. Bizdə bələdiyyələrdə ən azı 5 üzv, ən çoxu 19 üzv var. Bu da həddindən artıq çoxdur. Təklifimiz var idi ki, hər kənddə 1 nəfər bələdiyyə üzvü, ən böyük kənddə 7 nəfər bələdiyyə üzvü seçilsin. Ancaq bələdiyyə institutu yeni yaradılan dövrdə bu format seçilmədi. Hətta ilk dövrdə Azərbaycanda 2 400 bələdiyyə var idi, sonra birləşmə nəticəsində 1 606 bələdiyyə qaldı. Gələcəkdə bilavasitə icra strukturlarının formasına uyğun şəkildə bələdiyyələr qurulacaq».
İndiyədək açıqlanan məlumatlardan məlum olur ki, rayon tcra hakimiyyətləri institutu zəifləəcək, onun səlahiyyətləri iki qurum arasında bölünəcək – prezidentin xüsusi nümayəndəsi və bələdiyyələr.
Hələlik yeni yanaşmanın ölkənin bütün ərazilərində tətbiqi ilə bağlı müddət açıqlanmayıb. Üstəlik bu yanaşmanın Bakı şəhərində necə tətbiqi də hələlik məlum deyil. Başqa ərazilərdəki, o cümlədən Gəncədəki prosesiləri nəzərə aldıqda, bu yanaşma ilə Bakının rayonlarının icra hakimiyyətləri də ləğv edilə bilər. Amma hələlik bu barədə məlumat yoxdur.