Xəbər verildiyi kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyevə qarşı cinayət işi açıldı - 4 AYLIQ EV HƏBSİ
Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
2019-cu ildə Ramiz Mehdiyev Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Azərbaycanın ən yüksək mükafatına - Heydər Əliyev ordeninə layiq görülüb.
1938-ci ildə anadan olmuş R.Mehdiyevin 87 yaşı var.