"Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik. Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”.
Eləcə də bax: Prezident yeni naziri videoformatda - Qəbul Edib
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezident vurğulayıb ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir: “Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Ona görə dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən qurulması onların ilkin, yəni, autentik simasını pozmamalıdır. Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik”.