Xəbər verildiyi kimi, prezident İlham Əliyevin fərmanı ilə Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
FED.az xəbər verir ki, Zaur Fəti-zadə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Belə ki, nazirliyin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.
Zaur Fəti-zadə Vergilər Nazirliyində Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Zaur Fəti-zadə 2016-cı ilin oktyabrında həmin vəzifəsindən azad edilərək Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.
O, Prezident İlham Əliyevin 2020-ci il 11 fevral tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Zaur Fətizadə həm də maliyyə nazirinin keçmiş 1-ci müavini, bu ilin aprelində vəfat etmiş İlqar Fətizadənin qardaşıdır.
Xatırladaq ki, qeyri rəsmi olaraq "Maliyyə kəşfiyyatı" adlanan Maliyyə Monitorinqi Xidməti (MMX) Azərbaycan Mərkəzi Bankı yanında müstəqil struktur vahidi olaraq Azərbaycan Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılıb. MMX cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur.