“Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək”.
Eləcə də bax: Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla - ÇIXIŞ EDİBLƏR
FED.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirib.
Dövlət başçısı deyib ki, bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu: “Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır.
Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.
Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək”.