"1990-cı illərdə dövlətlərimiz arasında problemlər var idi. Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi".
Eləcə də bax: Qazaxıstan Holdinqi Füzulidə - TİKİNTİYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.
Prezident qeyd edib ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir: "Biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacaq.
Mən Bakıya xüsusi missiya ilə gəlmişəm - əməkdaşlığımızı yeni səviyyəyə çatdırmaq missiyası. Sevindirici haldır ki, son illərdə ticarətin həcmi praktiki olaraq 3 dəfə artıb. Lakin qeyd etmək istərdim ki, bu, arxayınlaşmağa əsas vermir, çünki fikrimcə, ticarəti artırmaq üçün hər halda imkanlar var. Ölkələrimizin hökumətləri məhz bu istiqamətdə işləməlidirlər ki, mənim fikrimcə, artıq lap yaxın vaxtlarda biz ölkələrimiz arasında ticarətin həcmini bir milyard dollara çatdıra bilək.
Siz düzgün qeyd etdiniz ki, Qazaxıstan və Azərbaycan əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur. Bu da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, çox vacibdir.
Bu məsələdə də Sizinlə razıyam ki, humanitar əməkdaşlıq vacibdir. Burada çox böyük imkanlar var. Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında, əvvəllər deyildiyi kimi, Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik.
Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. Mən statistikanı diqqətlə nəzərdən keçirdim, bu, güclü təsir bağışlayır. İqtisadiyyat inamla artır. Mən belə başa düşdüm ki, cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatıb. Yəni, Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşıdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli lideri kimi Sizin tarixi xidmətiniz var.
İndicə dediyim kimi, Qazaxıstanda Sizə çox böyük hörmət bəsləyirlər, insanlar Sizi tanıyır, dəstəkləyir, səmimi hörmət bəsləyirlər. Bununla əlaqədar bütün xalqımız adından Sizə bu gün orden təqdim etməyi zəruri saymışam. Məhz Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirilib. Bildiyiniz kimi, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Hesab edirəm ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa tamamilə müvafiqdir. Ona görə burada da eyni mövqe, eyni yanaşmalar, ortaq baxışlar var. Hesab edirəm ki, bu, gələcəkdə bizim əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas olacaq.
Bu əməkdaşlığın yekunlarına və ya nəticələrinə gəldikdə, mən əsla şübhə etmirəm ki, onlar müsbət olacaq. 1990-cı illərdə dövlətlərimiz arasında problemlər var idi. Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi. Bu gün biz heç də təsadüfən demirik ki, əməkdaşlığımız strateji xarakter daşıyır. Ona görə ki, bunlar, sadəcə, gurultulu sözlər deyil, əməkdaşlıq özü onun həcmi baxımından məhz belə xarakter daşıyır.
Əlbəttə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, - faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, - burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından Sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm".