Azərbaycanın hökumət orqanları dekabr ayında fransalı şəxsi casusluq ittihamı ilə həbs edib.
Qərb mətbuatı: Fransanın casus şəbəkəsi Azərbaycanda ifşa olundu, Parisdə dəyişikliklər
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Agence France-Presse" (AFP) agentliyinə müsahibəsində deyib.
"Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryan 4 dekabr 2023-cü ildə həbs olunub", - o deyib.
Səfir məhkəmə orqanlarının sözügedən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçdiyini bildirərək Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini əlavə edib.
Qeyd edək ki, ötən gün Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.
Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.
Daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. (Trend)