Azərbaycan Ermənistanla sərhədə qədər dəmir yolu bağlantısını maksimum iki il yarıma inşa etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bəyan edib.
Eləcə də bax: İlham Əliyevin ADA Universitetindəki çıxışı - TAM MƏTN
«Biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb”, - Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçılarının suallarına cavabında bildirib.
Bu dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər dəmir yolu infrastrukturunun bir hissəsi olacaq.
Həmçinin, dövlət başçısı məlumat verib ki, dəmir yolunun 40 kilometrlik hissəsi Ermənistan ərazisi ilə inşa olunmalıdır. “Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib”, - prezident əlavə edib.
Onun sözlərinə görə, beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. “Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq”, - Əliyev vurğulayıb.
Prezident hesab edir ki, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq.Bu, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq.
Əliyev qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək.
“Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var - Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir”, - Azərbaycan prezidenti əlavə edib.