Azərbaycanda qiymətlərin artımı, inflyasiya səviyyəsi və hökumətin qiymət artımı ilə bağlı tədbirləri iyulun 30-da Nazirlər Kabinetində müzakirə edilib.
FED.az xəbər verir ki, bu gün Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclası keçirilib.
İclasında cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
İclasda bildirilib ki, xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə inflyasiya birrəqəmli həddə (yəni 10%-dən aşağı) enib. 2024-cü ildə isə inflyasiya minimal səviyyədə saxlanılıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1,1% təşkil edib, 2024-cü ilin yanvar-iyununda isə orta illik inflyasiya 0,7% olub.
İclasda bildirilib ki, tədiyə balansının profisitli olması və məzənnənin sabit olması da qiymətlərin sabit qalmasına səbəb olub. Qeyd edilib ki, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. 2024-cü ilin 6 ayında manatın nominal effektiv məzənnəsi 3% bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən amildir.
Tədbirdə bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” yaradılıb. Burada istehlak qiymətləri indeksinə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının, əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərinin formalaşması üzrə aidiyyəti qurumların məlumatlarının inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə təqdimat edilib.
İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
İclasın yekununda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.