Prezident İlham Əliyev bu gün Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı sərəncam imzalayıb.
Eləcə də bax: Saxlanılan icra başçısı kim idi - TƏRCÜMEYİ-HALI
Sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
FED.az Mətin Eynullayevin tərcümeyi-halını təqdim edir:
Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 2015-ci il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.
Ölkəı başçısının 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezidentin 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu ilin may ayında yenidən formalaşdırılan İqtisadiyyat Nazirliyində kadr təyinatları zamanı Mətin Eynullayevə yüksək vəzifə həvalə olunub.
Belə ki, o, Nazirliyin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. M.Eynullayev həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.
Mətin Eynullayev 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. (Modern)