Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyevi sərəncamları ilə Fərid Turab oğlu Əhmədov və Samir Qaçay oğlu Məmmədov yenidən qurulan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin edilib.
FED.az xəbər verir ki, Əhmədov Fərid Turab oğlu bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyindəki «İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi» publik hüquqi şəxsin sədri idi.
Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. O, həmçinin Böyük Britaniyanın Oksford Universitetində fəlsəfə elmləri doktoru (PHD) dərəcəsinə yiyələnib. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.
Samir Qaçay oğlu Məmmədov isə 1974-cü ildə Bakıda anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2004-2006-da Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb, 2010-2016-cı illərdə isə Şotlandiyanın Edinburq Universitetində təhsilini davam etdirən S.Məmmədov, Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi əldə edib.
S.Məmmədov 1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə «Unocal Khazar Ltd.» neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib, 1998-1999-cu illərdə isə «Mobil Exploration & Producing Azerbaijan Inc.» şirkətində menecer vəzifəsində çalışıb.
1999-2006ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsinə təyin edilib.
2006-cı ildə Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub, daha sonra 2008-2017-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə «Enginet İnvest» MMC-də direktor vəzifəsində işə başlayan S.Məmmədov 2 il sonra, 2021-c ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu.