Prezident İlham Əliyev Azərbaycanda elektron hökumətin sahəsində idarəetmə ilə bağlı bir sıra fərmanlarına dəyişiklik edib.
FED.az xəbər verir ki, prezidentin bu gün imzaladığı fərmana əsasən Elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Qeyd edək ki, indiyədək bu prosesi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN Xidmət həyata keçirirdi.
Fərmana əsasən indiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə birləşdirilir.
Bundan başqa, fərmana uyğun olaraq Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri
üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə ASAN Xidmət mAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına veriləcək.