Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Eləcə də bax: “Bravo” parkinqdən də pul qazanmağa başladı
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) FED.az-a verilən xəbərə görə, az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
“Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri isə Xalq artisti Rasim Balayevdir.