“O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz”.
Eləcə də bax: Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”
FED.az xəbər verir ki, bunu Prezident, Ali Baş Komandan İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?
Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, - Prezident vurğulayıb.