Prezident İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
FED.az xəbər verir ki, Gürcüstanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli cənab Baş nazir, sizi görmək çox xoşdur. Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə yenidən görməyə şadam. Biz bu il artıq ikinci dəfədir ki, görüşürük. Həmçinin bizim ikitərəfli münasibətlərimizin mühüm məsələlərinin müzakirəsini apardığımız bir neçə telefon danışığımız olub. Bu gün biz dialoqumuzu davam etdirəcəyik. İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda.
Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq.
Ölkənizdəki çox müsbət investisiya mühiti, sizə bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar bizi çox məmnun edir. Həmçinin hökumətinizi Gürcüstandakı bütün sahələrdəki inkişafla bağlı əldə etdiyiniz böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Biz dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq, yeni səylərinizdə şəxsən sizə və hökumətinizə uğurlar arzulayırıq.
Əlbəttə ki, biz bu gün neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələri kimi əməkdaşlığımızın ənənəvi sahələri haqqında da danışacağıq. Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək.
Dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz!
Baş nazir İrakli Qaribaşvili deyib:
- Cənab Prezident, bizi dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Burada, Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Səmimi qəbula və qonaqpərvərliyinizə görə çox sağ olun. Bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır. Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik.
Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq.
Bu, mənim bu il Azərbaycana artıq ikinci səfərimdir. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz dəfələrlə telefonla danışmışıq. Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik. Əminəm ki, bu, daha bir səmərəli görüş olacaq. Mən bir daha Sizə təşəkkür edirəm!
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili işçi nahar etdilər.