Prezident İlham Əliyev Hikmət Mirzəyevlə bağlı sərəncam verib.
FED.az xəbər verir ki, sərəncamda bildirilir ki, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilsin.
Qeyd edək ki, Hikmət Mirzəyev Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin Komandanıdır. Oktyabrın 4-də Prezident İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevi və onun rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.
H.Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatlara da rəhbərlik edən zabitlərdən biri olub. Hikmət Mirzəyev “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 4 dəfə isə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilib.
2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.