"Mən qərara gəldim ki, sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmısınız, Təhsil naziri, Vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur".
Eləcə də bax:“Özü üçün bir balaca iş quranların qanını sovururlar”
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır: "Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik.
Bütün bunları nəzərə alaraq, mən sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir.
Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.
Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik.
Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə kömək mi göstərəcəkdi?
Biz o illəri yaxşı xatırlayırıq, mən yaxşı xatırlayıram. 1990-cı illərdə bizim pulumuz yox idi və biz beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən bir növ asılı idik. Onlar da bəzi hallarda bizə diktə etməyə çalışırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik".