"Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır".
Eləcə də bax: “Biz o sahibkarların dərsini verəcəyik” - PREZİDENT
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iki nazirlə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib ki, bu sahəyə də çox ciddi nəzarət olmalıdır:
"Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik".