Azərbaycanın tanınmiş iqtisadçısı, millət vəkili Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Sərəncam imzalayıb. Ə.Məsimli Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Xatırladaq ki, Əli Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indi UNEC) siyasi iqtisad fakültəsini bitirib, 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir.
1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Sabah millət vəkilinin 70 yaşı tamam olur.