Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.
FED.az xəbər verri ki, dövlət başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Eləcə də Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.
Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Daha sonra Bərdə rayonuna gələn prezident burada Peşə Liseyinin açılışında iştirak edib.