Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub.
Eləcə də bax: Prezident Bakıda yeraltı piyada keçidinin açılışında - İŞTİRAK EDİB
FED.az xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən biridir. Məhz bu baxımdan da keçidin inşası böyük önəm daşıyır. Yeraltı piyada keçidinin tikintisinə 2018-ci ilin noyabr ayında başlanılıb. Keçidin tikintisi qapalı qazma üsulu ilə aparılıb. Bu səbəbdən tikinti işləri Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmayıb. Qapalı qazma üsulu ilə yeraltı piyada keçidinin tikintisi Bakıda ilk dəfə burada tətbiq olunub. Piyada keçidinin ümumi uzunluğu 98, eni isə 5 metrdir. Burada müasir işıqlandırma və videomüşahidə sistemi qurulub. Keçid Heydər Əliyev prospektinin bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması, qəza hallarının aradan qaldırılması və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Keçiddən istifadə hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını aradan qaldıracaq.
Bu çərçivədə 2018-2019-cu illərdə Bakı və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdi inşa edilərək istifadəyə verilib. Hazırda 8 ərazidə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.