Prezident İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi:
- Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Cənab Prezident, gördüyünüz bina bu yola xidmət üçün tikilir. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaqdır.
Prezident İlham Əliyev: Neçə dayanacaq nəzərdə tutulub?
Saleh Məmmədov: 8 gediş, 8 isə qayıdış hissəsində. Cənab Prezident, əsas odur ki, əvvəlki yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometr idi, indi isə 16 kilometr qısalıb və 192 kilometr olub. Bu da onunla əlaqədardır ki, yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.
Prezident İlham Əliyev: Bu indiki yola da birləşmə varmı?
Saleh Məmmədov: Bəli, var.
Prezident İlham Əliyev: Birinci birləşmə Giləzidədir?
Saleh Məmmədov: Giləzidə olacaq, yolun 30-cu kilometr hissəsində. Bu, ümumi götürəndə 75-ci kilometr adlanır. Amma layihə qiyməti ilə 30-cu kilometrdir. Bu, ikinci lotdur, hansı ki, Giləzidən başlayır Şabrana qədər. O da 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-keçid məntəqəsinə, 192-ci kilometr.
Prezident İlham Əliyev: Yeni açılmış körpünün girəcəyinə qədər?
Saleh Məmmədov: Bəli, yeni açılmış körpünün girəcəyinə qədər. Avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq. Bu ərazilər boş, çöl torpaqlar idi. Sizin göstərişinizə əsasən və köməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından da ayrılıb. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. Artıq 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur. Cənab Prezident, bu stenddəki isə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçididir, tikilib tam hazırdır. Yolun bu hissəsindən həmişə piyadalar keçirdi, sıxlıq yaranırdı. Bu, 130 metrlik dayaqsız yeni yol keçididir.
Prezident İlham Əliyev: İndi gərək yolboyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır.
Saleh Məmmədov: Bəli, cənab Prezident, bir xətt olacaq. Sizin göstərişinizə əsasən həmin keçidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpüdən gələn su kanallarından suvarma torpaqlarına keçidlər var. Hamısı böyük keçidlərdir, insanlar və heyvanlar üçün keçidlər də nəzərə alınıb. Yolboyu rayon mərkəzlərinə ayrılan keçidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub.
Prezident İlham Əliyev: Bu istiqamətdə turniket harada quraşdırılacaq?
Saleh Məmmədov: Biri Giləzidə olacaq, Şabrana dönən yerdə. Ümumiyyətlə, ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq. Yolboyu bütün ödəniş məntəqələrinə elektrik kabelləri çəkilib.
Prezident İlham Əliyev: Gördüm, mövcud yolun da təmirini aparırsınız, yeni asfalt vurulub.
Saleh Məmmədov: Bəli, cənab Prezident, yay aylarında düz Qubaya qədər tam təmir etmişik. Çalışacağıq ki, o yolun təmirini mərhələli şəkildə yerinə yetirək ki, gələcəkdə insanlar əziyyət çəkməsinlər.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu yolun tikintisinə böyük ehtiyac var. İndi həm Rusiya ilə ticarət dövriyyəmiz artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının həcmi artır. Belə olan halda, əlbəttə ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda, sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək. Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Cənab Prezident, 500 hektarlıq böyük ərazidir.
Saleh Məmmədov: Cənab Prezident, həm də bu yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qısalacaqdır.
Prezident İlham Əliyev: Elədir, həm yanacağa qənaət olunacaq, həm də vaxta. Ona görə bu yolun çox böyük əhəmiyyəti var.
Saleh Məmmədov: Çox sağ olun ki, Siz buna önəm verirsiniz.
Prezident İlham Əliyev: Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm.
Saleh Məmmədov: Bəli, öz şirkətlərimizdir.
Prezident İlham Əliyev: Bəli, siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər. Yol infrastrukturunun səviyyəsinə görə biz dünyada 27-ci yerdəyik, böyük nəticədir. Həm əhatə dairəsi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çəkilib. Gələn il də bu templə gedəcəyik.
Saleh Məmmədov: Cənab Prezident, bunların hamısı Sizin diqqət və qayğınız sayəsindədir. Biz də çalışırıq ki, Sizin etimadınızı doğruldaq. Görülən bütün bu işlərə görə Sizə minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun.