Prezident İlham Əliyev Azərbaycanda qızıl hasilatı ilə məşğul olan dövlət şirkəti «AzerGold»un fəaliyyətini qızıl yataqlarında işləyən digər şirkətlərə nümunə kimi göstərib.
FED.az xəbər verir ki, bu barədə dövlət başçısı 2023-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə bildirib.
Zakir İbrahimov “AzerGold”da çalışan Daşkəsən sakinləri ilə görüşüb - FOTOLAR
Bir neçə gün əvvəl Gədəbəydə baş verən hadisələri – qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining company» şirkətinin 2-ci tullantı gölü yaratmaq planı və buna yerli əhalinin etirazını – xatırladan İlham Əliyev xarici şirkətin fəaliyyətini kəskin tənqid edib və ona «AzerGold»u nümunə göstərib:
«Burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir.
Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır.
O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!»