İşğaldan azad edilmiş ərazilərdə məsələlərin həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının videoformatda 5-ci iclası keçirilib.
FED.az xəbər verir ki, iclasa Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev sədrlik edib.
İclasda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlanması üçün görülən işlər müzakirə edilib.
Toplantıda keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, ADA Universiteti tərəfindən aparılan “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat işi çərçivəsində görülən işlər və keçirilmiş sorğuların nəticələri üzrə məruzələr dinlənilib.
Eləcə də iclasda işğaldan azad olunmuş ərazilərdə enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərin sürət və keyfiyyətin vəhdəti nəzərə alınmaqla aparılmasının vacibliyi vurğulanıb.