Polis əməkdaşlarının əməyinin ödənilməsi qaydalarında dəyişiklik ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, polis əməkdaşının əməkhaqqı - onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir.
Bundan başqa, qanuna görə, polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.
Bunlar «Polis haqqında» qanunun 35.1-ci maddəsində nəzərdə tutulub.
Qanuna təklif edilən dəyişikliklərə görə isə, yuxarıdakı abzasda polis əməkdaşları üçün nəzərdə tutulan təminatlar (vəzifə və xüsusi rütbə maaşları, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və iş vaxtından artıq vaxtda görülən işə görə normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilən əlavə haqlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına şamil edilmir (Modern.az).
Başqa sözlə, yeni dəyişikliklə qanunda hazırda nəzərdə tutulan əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər təxirə salınır.











