Polis əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyası ilə bağlı iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər aparılır.
FED.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı marketə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq və sosial məsafənin gözlənilməsi məqsədilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib.
Qeyd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.