İran neftinin ixracı ilə bağlı ABŞ-ın sanksiyaları neft bazarına ciddi təsir göstərməyəcək. FED.az xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
"ABŞ-ın İrana qarşı sanksiyaları və bir sıra ölkələrin İran neftini almaqdan imtina etməsi əlbəttə ki, bazarda neft ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Bunun ümumi prosesə necə təsir edəcəyini söyləmək çətindir, çünki dünya iqtisadiyyatının artım templərinin 3,6%-dən 3,1%-dək azalması müşahidə olunur, eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə neft ehtiyatlarının həcmi az da olsa artır. Hesab edirəm ki, sanksiyalar bazara hər hansı radikal təsir göstərməməlidir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Eləcə də bax: Nazirliyin tabeliyində bəzi qurumlar ləğv edilib və yeniləri yaradılıb
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan İran, o cümlədən Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyətlə əlaqədar OPEC+ formatında aparıcı rol oynayan ölkələrlə daim əlaqə saxlayır.
"Bizdə olan məlumata görə, Səudiyyə Ərəbistanı və BƏƏ iyun ayına qədər neft hasilatına dair birtərəfli qaydada qərar qəbul etməyəcək. Bu ölkələr yalnız iyun ayında Vyanada keçirilmiş OPEC+ Nazirlər Şurasının toplantısında qəbul edilən qərarlardan asılı olaraq addım atacaq”, - deyə P.Şahbazov vurğulayıb.