Azərbaycanda büdcə vəsaitlərini istifadə edən dövlət qurumlarında maliyyə hesabatlarının mühasibat uçotunun aparılmasında çoxsaylı nöqsanlara yol verilib.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, bununla yanaşı Palatanın narahat edən əsas problemlərdən biri və yaxud gələcəkdə hədəf seçildiyi məsələ bütün dövlət sektoru üçün hazırlanmış, konsolidə olunmuş maliyyə hesabatlarına verilən rəydir.
"Hazırda bununla bağlı ölkə qanunvericiliyində hər hansı bir tələb yoxdur. Nəinki dövlət sektoru üçün, heç büdcə təşkilatlarının da maliyyə hesabatlarının konsolidasiyası aparılmır deyə, ona rəy də vermək olmur. Bildiyiniz kimi, beynəlxalq təcrübədə bu, geniş yayılan fəaliyyətdir. Bu, dövlətə məxsus olan bütün aktivlərin, öhdəliklərin, qeyri-maddi aktivlərin uçotunu özündə ehtiva edən bir sənəddir. Yəni, dövlət hər hansı tarazlı qərar qəbul edilməsi zamanı bu hesabatdakı göstəricilərdən istifadə etməyi bacarmalıdır. Bu hesabatlar etibarlı olmalıdır, təhriflərə yol verilməməlidir və bu etibarlılıq da ali audit orqanının verdiyi rəydən asılıdır", - deyə V. Gülməmmədov qeyd edib.
Apa