Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Əhmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib.
FED.az xəbər verir ki, Maliyyə Bazararına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev "Marja"ya bildirib ki, Vahid Əhmədov ağsaqqaldır və bu kimi fikirlər səsləndirə bilər:
Eləcə də bax: Palata hərəkətə keçdi - BANK SƏDRLƏRİ TOPLANDI
"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır".
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası lüzumsuz orqandır:
“Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.
Qeyd edək ki, millət vəkili Vahid Əhmədovun 72 yaşı var.