Dünya Bankı və Azərbaycan Respublikasının Hesablama Palatası arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədilə qarşılıqlı anlaşma sazişi imzalanıb.
Hesablama Palatasının mətbuat xidmətindən FED.az-a bildiriblər ki, sazişə əsasən Azərbaycan Respublikasının Hesablama Palatası ilə Dünya Bankı, bu maliyyə institutu tərəfindən maliyyələşdirilən layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.
Eyni zamanda, Dünya Bankı Azərbaycan Respublikasının Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitikyönümlü proqram təminatının işlənib hazırlanması məqsədilə texniki yardım göstərməyi öz üzərinə götürüb.
İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması Dünya Bankı və Azərbaycan Respublikasının Hesablama Palatası arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaq.
Saziş imzalandığı tarixdən etibarən 2021-ci ilin dekabr ayınadək qüvvədədir.