"Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Eləcə də bax:"Azərenerji"nin rəhbərliyi - BU HALLARA GÖRƏ DƏYİŞDİRİLDİ
2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.
Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.
Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki, təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.