Özbəkistanda Energetika Nazirliyi yaradılıb.
FED.az xəbər verir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb. Baş nazirin müavini Əlişir Sultanov energetika naziri təyin olunub.
Özbəkistanın yanacaq-energetika kompleksinin təşkilati strukturu, fəaliyyəti və tənzimlənməsi ilə bağlı bütün məsələlər yeni nazirliyin səlahiyyətlərinə verilib. Əlişir Sultanov Özbəkistanın neft-qaz sahəsində müxtəlif vəzifələrdə çalışıb, “Şurtan” qazkimya kompleksinin direktoru, “Özbəkneftqaz” Milli Holdinq Şirkətində İdarə Heyətinin sədri, Baş nazirin müavini vəzifələrində çalışıb.
Əlişir Sultanov energetika naziri vəzifəsini tutmaqla Baş nazirin müavini vəzifəsində də qalır.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyində - YENİ TƏYİNATLAR OLUB
Bundan başqa, Özbəkistanın Mətbuat və İnformasiya Agentliyinin bazasında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi yaradılıb.
Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.
Sənəddə deyilir ki, Agentlik dövlət informasiya siyasətinin həyata keçirilməsi sahəsində səlahiyyətli orqandır və Prezident Administrasiyasının strukturuna daxildir.
Agentliyin üzərinə kütləvi informasiya vasitələri ilə işgüzar münasibətlər yaratmaq və bu əlaqələri gücləndirmək, mətbuatda şəffaflığı təmin etmək, müxtəlif qurumların mətbuat xidmətləri ilə işi təkmilləşdirmək vəzifələri qoyulub.
Qeyd olunur ki, dövlət hakimiyyət və idarəetmə orqanları bu sahədə agentliyin qərarlarını yerinə yetirməlidir.