Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
FED.az-ın məlumatına görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Yaxın günlərdə də bu qədər vətəndaşın təxliyyə edilməsi gözlənilir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, xaricdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır:
“Bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verilib. Vətəndaşlara bildirmişik ki, nə qədər imkan varsa, evlərində qalsınlar. Çünki virusu yaya bilərlər. Nə qədər imkan varsa qoy orda qalsınlar. Onsuz da bura gəlib karantində qalacaqlar, elə orda evlərində qalsınlar”.