Ombudsman qanunvericilik təşəbbüsü hüququ istəyir.
İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib - FƏRMAN
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Məruzəyə əsasən, Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması, mandatının BMT Bas Assambleyasının 20 dekabr 1993-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş Paris Prinsiplərinə tam uyğunlaşdırılması məqsədilə, habelə Azərbaycan Ombudsmanının "Türk Dövlətləri Parlament Assambleyasının üzv dövlətlərində Ombudsman təsisatları" mövzusunda keçirilmis Türk Dövlətləri Parlament Assambleyasının (bundan sonra TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 12-ci iclasında qəbul edilmis "TÜRKPA üzv dövlətlərində ombudsman təsisatları" üzrə 28 aprel 2025-ci il tarixli Tövsiyə Qərarının müddəaları nəzərə alınaraq aşağıdakılar təklif olunur:
-Ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyətinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılması, yeni normativ hüquqi akt layihələrinin vaxt itkisinə yol verilmədən, operativ qaydada qanunvericilik orqanına təqdim edilməsi, bununla da hüquq və azadlıqların daha səmərəli müdafiəsinə nail olunması məqsədilə xarici ölkələrin müsbət təcrübəsi də nəzərə alınmaqla Ombudsmanın "qanunvericilik təşəbbüsü hüququ"nun təsbit olunması;
- qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Ombudsmanın parlamentlə əməkdaşlığının əhəmiyyətindən irəli gələrək onun insan hüquqları ilə bağlı qanun layihələrinin Milli Məclisdə müzakirəsində iştirak etməsi və rəy bildirməsi hüququnun qanunvericiliklə təsbit edilməsi.











