İqtisadi şərhçi Orxan Bağırov 2020-ci altıncı çağırış deputatlığa namizədlər haqqında araşdırma aparıb və maraqlı statistik faktları üzə çıxarıb.
FED.az “Marja”ya istinadən araşdırmanı təqdim edir.
Eləcə də bax: “Əhalinin etibar etdiyi adamlar…” - PREZİDENT SEÇKİLƏRDƏN DANIŞDI
2 dekabr tarixində Prezident İlham Əliyyevin qərarı ilə Milli Məclis buraxıldı və eyni fərmanla növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ilə təyin olundu. 9 fevral həftənin bazar gününə təsadüf edir. Ümumilikdə seçkilərin təşkil olunması üçün dövlət büdcəsindən 48 milyon 48 min 374 manat ayrılıb. Bunun 15 milyon 540 min manatı və ya 32.34%-i namizədlərin seçki təşfiqat kampaniyalarını aparılması üçün iki mərhələdə onlara ödənmək üçün nəzərdə tutulub.
9 fevralda keçiriləcək parlament seçkilərdində ümumilikdə 1554 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədlərin 77.09%-i yəni, 1198 nəfər bitərəf olaraq seçkilərə qatılır. Onlardan başqa, yerdə qalan 356 nəfər 28 fərqli partiyaların üzvüdür. Ümumilikdə, partiya üzvü olan namizədlərdən 90 nəfər öz təşəbbüsü ilə, qalan 266 nəfər isə partiya tərəfindən irəli sürülmüşdür. Partiyalar arasında ən çox namizədliyi irəli sürülən 151 namizəd sayı ilə Yeni Azərbaycan Partiyasıdır. Maraqlıdır ki, YAP namizədlərinin 19.2%-i yəni, 29 nəfər öz təşəbbüsü ilə namizədliklərini veriblər.
Son çağırış Milli Məclisin tərkibində Yeni Azərbaycan Partiyası 74 deputatla 59.2% paya malik idi. Yerdə qalan 39 nəfər bitərəf, digər 12 deputat isə fərqli 11 partiyanı təmsil edirdi.
Deputatlığa namizədliyini irəli sürən partiya üzvlərindən namizəd sayı üzrə ardıcıllıqla, Müsavat, Ümid, VAP, AMİP, ADP, MMP, DİP, BAP, AP, AXP, DADP, AMP, VİP, ALDP, AKP, AYP, AARP və ƏP hazırda parlamentdə təmsil olunmurlar. Eləcə də, hazırda parlamentdə hərəsi 1 nəfərlə təmsil olunan ADİP və ASDP partiyaları bu seçkilərə heç bir namizəd irəli sürməyiblər.
Deputatlığa namizədlərin yaş kateqoriyaları da diqqət çəkir. Belə ki, deputatlığa namizədliyi təsdiq olunmuş insanlar arasında ən cavanının 18 yaşı var. Bu, namizədliyini İmişli-Beyləqan 80 saylı dairədən vermiş Həbibli Elməddin Fəxrəddin oğludur. Belə namizədlər ümumilikdə 3 nəfərdir. Eləcə də, onların da daxil olduğu siyahıda tələbə olan 6 nəfər namizəd vardır. Deputatlığa ən yaşlı namizədin isə 23 fevralda 82 yaşı tamam olacaqdır. Bu, Azərbaycan Respublikasının beşinci çağırış, Qəbələ şəhəri 116 saylı dairədən namizədliyini vermiş Heydərov Fəttah Səməd oğludur. Fəttah Heydərov seçkilərdə öz təşəbbüsü ilə bitərəf olaraq iştirak edir. O seçilsə Milli Məclisin tərkibində ən yaşlı deputat 2 yaş cavanlaşmış olacaq. Belə ki, beşinci çağırış Milli Məclisin tərkibində ən yaşlı deputat 1936-cı ilə təvəllüdlü və bu il 84 yaşını qeyd edəcək Xanlarova Zeynəb Yəhya qızı idi.
Ümumilikdə deputatlığa namizədlərin orta yaşı 44-dür. Bu hazırki parlamentin orta yaşından 15 yaş azdır. Son parlament tərkibinin orta yaşı 59 yaş idi. Əlbəttə, seçkilər bitdikdən sonra formalaşmış məclisin ortalama yaşı əvvəlkindən çox və ya az olması artıq seçilmiş deputatların yaşından asılı olaraq müəyyən olacaqdır. Namizədliyini irəli sürmüş şəxslərin 292 nəfəri və ya 18.79%-i qadın, yerdə qalan 1262 nəfər və ya 81.21% isə kişidir. Son parlamentin tərkibində bu pay kişilərin xeyirinə müvafiq olaraq 16.80% və 83.20% idi. Namizədlərdən 62 nəfəri son çağırışda deputat olmuş, 296 nəfəri işsiz, 84 nəfəri fərdi sahibkar, 50 nəfəri təqaüdçü, 6 nəfəri tələbə və digər 1056 nəfər isə müxtəlif sahələrdə çalışan insanlardır.
Ən çox deputatlığa namizədi olan dairə 16 saylı Yasamal ikinci dairəsidir. Belə ki, bu dairə üzrə 26 nəfər deputatlığa öz namizədliyini vermişdir. Ümumilikdə Yasamal rayonu üzrə 3 dairədən 63 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Bu dairə üzrə ən çox tanınan şəxs, Qədirli Erkin Toğrul oğludur. O, bu seçkilərə öz təşəbbüsü ilə, bitərəf olaraq qatılır. Qeyd edək ki, Real Partiyası Azərbaycanda rəsmi partiya olaraq qeydiyyatdan keçməmişdir.
Ümumilikdə namizədlərin 28.44%-i və ya 442 nəfəri Bakı şəhəri üzrə namizədliyini vermişdir. Yerdə qalan 1112 nəfər isə regionlarda yerləşən 102 dairə üzrə namizədliklərini vermişdir. Bakıda dairə üzrə ortalama 19, regionlarda isə dairə üzrə Bakı ilə müqayisədə təqdibən 2 dəfə az, ortalama 10 nəfər namizədliyini vermişdir.
2020-ci il 9 fevralda keçiriləcək parlament seçkiləri günü 8 nəfər namizəd həm də doğum gününü qeyd edəcəkdir.
Bütün namizədlərə uğurlar arzu edirəm.